Fəsildə, mənbələrə əsaslanaraq
Azərbaycanın Xocalıda kollektivləşmənin bərqərar edilməsindən və rayonun
kəndlərinin tarixinə ən ağır, əzablı və dəhşətli dövr kimi daxil olmasından
bəhs edilir. Göstərilir ki, Xocalıda həyata keçirilən kollektivləşdirmə dinə,
milli ənənələrə qarşı mübarizə ilə müşayiət olunmuş, məscidlər dağıdılmış,
qadınların çadraları əllərindən alınmışdır. Kollektivləşmənin ən dəhşətli
faciələrindən biri qolçomaqlara və onların tərəfdarlarına divan tutulması idi.
Bəhs olunan dövrdə, Xocalıda minlərlə qolçomaq, varlı kəndli məhv edildi və
sürgün olundu. Kolxoz quruculuğunda yol verilən əyintilər, səhvlər, zorakılıq
və inzibatçılıq, qolçomaqlara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş
kobud, qeyri-insani tədbirlər kəndlilərin kütləvi narazılığına, sovet
rejiminə və kollektivləşməyə qarşı müqavimət hərəkatına səbəb olmuşdur. Lakin
sovet hakimiyyəti orqanları tərəfindən bu hərəkat amansızcasına yatırılmış,
onlarla Xocalılı üsyançı həbs edilmiş, sürgün olunmuş və güllələnmişdir.
Bununla da Xocalıda çox ağrılı, əzablı və dəhşətli yollarla aparılan kollektivləşdirmə
nəticəsində kolxoz quruluşu yaradılmışdır. Bütün bunlar fəsildə tədqiq və
təhlil olunmuşdur.
Sovet imperiyasının iqtisadi
təməlini qurmaq üçün fərdi kəndli təsərrüfatlarının kollektiv təsərrüfat
halında yenidən qurulması tələb olunurdu. Sovet dövləti bu işə sənaye, nəqliyyat
və əsaslı tikinti sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də
torpağın, kənd təsərrüfatı alətlərinin, qoşqu qüvvələrinin milliləşdirilməsi
işindən başladı.
Sovet hakimiyyətinin təşkili
və möhkəmləndirilməsi uğrunda mübarizə prosesində iqtisadiyyat sahəsində
həyata keçirilən tədbirlər içərisində Azərbaycan İnqilab komitəsinin torpağın
milliləşdirilməsi haqqında 5 may tarixli dekreti mühüm yer tuturdu [1, s. 65].
Həmin dekret əsasən torpaq üzərinə xüsusi mülkiyyət ləğv olundu. 1920-ci ilin
may-iyun aylarından Qarabağ bölgəsində mülkədar torpaq mülkiyyəti müsadirə
olunmağa başladı. 1920-ci il noyabrın 5-də Xocalıda kənd fəallarının toplanışı
keçirildi [2, s.76]. Həmin toplanışda torpağın və təsərrüfat alətlərinin
milliləşdirilməsi məsələsi müzakirə olundu. 1920-ci ilin sonunda Xocalı
ərazisində 2000 desyatin torpaq sahələri, 1920-ci ilin yaz-əkin kompaniyası
zamanı 15 min desyatin torpaq, bağ sahələri milliləşdirildi. Bütövlükdə Azərbaycanda
1921-ci ildə 362.947 desyatin torpaq sahələri milliləşdirilmişdir ki, bu
torpaq sahəsinin 160 min desyatindən çoxu nümunəvi torpaq sahələri idi. Həmin
sahələr sovet təsərrüfatı təşkil etmək üçün toxunulmaz elan olundu [3, s.115].
Azərbaycan İnqilab Komitəsinin
1920-ci il mayın 15-də meşələrin, suların, yeraltı sərvətlərin dövlət
mülkiyyəti olması haqqında dekret verdi [3, s.116]. Həmin dekretə əsasən
Xocalının bütün meşə zolaqları, suları dövlət mülkiyyətinə çevrildi. Torpağın,
suların və s. milliləşdirilməsi kəskin sinfi, milli ziddiyyətlərin kəskinləşməsi
şəraitində həyata keçirilirdi. Bəhs etdiyimiz dövrdə Ermənistanın Azərbaycana
qarşı təcavüzü baş vermiş və Xocalının kəndləri bərbad vəziyyətə düşmüşdü.
1920-ci ilin oktyabrında olan məlumata görə Azərbaycanda 300 min desyatinə
qədər suvarılan torpaq sahələri sıradan çıxmışdır [2, s.25]. Xocalının
üzümlükləri, digər meyvə bağları baramaçılıq üçün becərilən toxmacarlıq əsasən
məhv olunmuşdur. 1921-ci ildə bütün kənd təsərrüfatı bitkiləri sahəsi 1913-cü
ildəkinə nisbətən 38 faiz, dənli və paxlalı bitkilər – 32 faiz, iribuynuzlu
mal-qaranın sayı 1916-cı ildəkinə nisbətən – 39 faiz, xırdabaş heyvan isə, 2
dəfədən çox azalmışdır. Xocalının tut ağacları, mal-qara üçün qışlaqlar
tamamilə məhv edilmişdi. Xocalı kəndlərinin çoxunda təsərrüfat alətləri,
araba, xış qalmamışdır [3, s.110-115].
Sovet hakimiyyətindən əvvəl
Xocalı əhalisi əsasən heyvandarlıqla məşğul idilər. Xocalının zəngin
yaylaqları, biçənəkləri, ümumiyyətlə təbii şəraiti heyvandarlığın inkişafı
üçün əlverişli idi. Birinci Dünya müharibəsi, 1918-1920-ci illərdə törədilən
milli qırğın, daşnak quldur dəstələrinin ara verməyən basqınları, qarətlər
Xocalıda mal-qaranın kəskin dərəcədə azalmasına səbəb oldu. Məsələn,
1914-1920-ci illər arasındakı dövrdə qoyunların sayı 2,7 dəfə, qaramalın sayı
35 faiz, at ilxılarının sayı yarıbayarı azalmışdır. Onların çoxu Ermənistana,
İrana aparılmışdır [56].
Xocalıda Sovet hakimiyyəti
qurulduqdan sonra maldarlığın inkişafına diqqət artırıldı. 1923-cü ildə
Qarabağda açılan Kənd Təsərrüfatı Texnikomu zootexniklər hazırlamağa başladı.
1924-cü ildən başlayaraq mal-qaranın sayı ildən-ilə artdı. 1926-cı ildə
Qarabağda 3 baytarlıq məntəqəsi təşkil edildi. “Turşsu” damazlıq sovxozunda
diaqnoz kabinəsi də yaradıldı [6]. Bütün bunlar Xocalıda heyvandarlığın
inkişafına təkan verdi. Kolxoz və sovxozların yaradılması, heyvandarlıq fermalarının
təşkil edilməsi, mal-qaranın sayının artmasına, onun cinsinin yaxşılaşdırılmasına
təsir etdi. 1939-cu ildə olan məlumata görə Xocalıda qoyunların sayı 1913-cü
ildəkindən 1,3 dəfə, qaramalın sayı isə 88,5 faiz artmışdır [19, s.1, iş 112,
v. 23]. Bəhs olunan dövrdə Xocalı ərazisində iribuynuzlu mal-qaranın sayı 9876
baş (bundan 5893 başı şəxsi təsərrüfatlarda saxlanılırdı), qoyun və keçilərin
sayı 5894 baş (şəxsi təsərrüfatlarda 1586 baş) idi. Aparılan tədqiqatlardan
məlum olur ki, 1913-cü illə müqayisədə 1939-cu ildə Xocalı ərazisində mal-qaraların
sayı 27 faiz çoxalmışdı. 1920-ci ildə Qarabağın kəndləri ağır vəziyyətdə idi.
S.Ağamalıoğlu belə bir vəziyyəti xatırlayaraq sonralar yazmışdır: “Dağılmış
və qılıncdan keçirilmiş Şuşa, özülünədək yandırılmış bölgənin dəhşətli
günləri, azğın quldur özbaşınalığı, fəhlə və kəndlilərə qarşı zorakılıq və
təhqirlər əsrlər boyu unudulmuş və əzilməz kəndlilər üzərində
cəhalətpərəstlərin ağalığı, ermənilər ilə türklər (azərbaycanlılar - N.M.)
arasında ən iyrənc milli ədavət və qarşılıqlı məhvetmə – Müsavatdan Sovetlərə
irs qalan bax budur”.
Buna görə də, xalq
təsərrüfatının bərpa edilməsi çox böyük qüvvə və enerji tələb edirdi. Burada
dağılmış Şuşa kimi şəhəri bərpa etməklə yanaşı, bərbad bir vəziyyətə salınmış
yüzlərlə kəndləri, sahibsiz qalan bağları bərpa etmək lazım gəlirdi.
1921-ci ildə Ermənistanın
Azərbaycana hərbi müdaxiləsi qismən aradan qaldırıldıqdan sonra Xocalıda
dinc quruculuq işlərinə başlandı. Dinc quruculuq işləri çox mürəkkəb bir
dövrdə sənaye bazası nisbətən zəif, xırda əmtəə istehsalı çox üstün olduğu bir
şəraitdə davam etdirildi.
Xalq təsərrüfatının bərpa
edilməsi, bütövlükdə Qarabağda məhsuldar qüvvələrin inkişafı, milli dövlət
quruculuğu işində Azərbaycanda işləmiş və ya Moskvanın bilavasitə göstərişi
və xüsusi tapşırığı ilə buraya gəlmiş M.İ.Kalinin, F.D.Stasov, M.V.Frunze,
A.P.Serebrovski, KQ.N.Kominski və xüsusən partiyanın Zaqafqaziya ölkə
komitəsinin birinci katibi Q.K.Orconigidze inkişaf üçün istiqamətlər
verirdilər.
Xocalıda xalq təsərrüfatının
bərpası və inkişafı, hər şeydən əvvəl milli məsələlərin, Sovet imperiyasının
tələbləri əsasında, həllindən asılı idi. Xocalıda millətlər arasında siyasi
hüquq bərabərliyinin təmin edilməsi bayrağı altında geniş tədbirlər görüldü.
Millətlər arasında faktiki bərabərlik pərdəsi altında bölgədə
qeyri-azərbaycanlıların yerləşdirilməsinə xüsusi diqqət verildi. Belə bir
tədbirləri həyata keçirərkən 1921-ci ilin martında keçirilən RK(b)P X qurultayı
millətlərin faktiki bərabərliyini yaratmaq haqqında qərarını əsas götürürdü.
Sovet təsərrüfatı sisteminin
təşkili işinin planlı qaydada aparılması üçün 1920-ci ilin avqustunda
Azərbaycanın SSR Xalq Torpaq Komissarlığının nəzdində kolxoz və sovxoz şöbələri
yaradıldı. Kolxoz quruculuğu üçün tədbirlər həyata keçirilməsi üçün respublikanın
bütün qəzalarında və o cümlədən Qarabağda torpaq şöbələri nəzdində xüsusi
kolxozlar bölməsi təşkil olundu. Sovet təsərrüfatı yaratmaq üçün “əsasnamə”
hazırlandı. Sovet təsərrüfatı quruculuğu üçün ştat vahidi müəyyən olundu,
vəsait ayrıldı.
1920-ci ilin avqustunda Bakıda
Azərbaycan Xalq Torpaq Komissarlığının torpaq komitələri sədrlərinin qurultayı
keçirildi. Qurultayda bəylərin, xanların, məscid və kilsə torpaq sahələrinin
tamamilə müsadirə olunması barədə qərar qəbul edildi. Partiya ən yaxşı təşkilat
və təşviqat qüvvələrini yoxsul kəndlilərə arxalanmaq, ortabab kəndliləri
qorumaqla mülkədarların tamamilə məhv edilməsi planını irəli sürdü.
Azərbaycan Kommunist
Partiyasının 1921-ci ilin oktyabrında keçirilən II qurultayında da sovet
təsərrüfatı quruculuğu məsələlərinə toxunuldu. Qurultay respublikada olan ən
iri təsərrüfatlarda sovet təsərrüfatının yaradılmasını irəli sürdü. Bu
tədbirlər Sovet Rusiyasında və digər respublikalarda olduğu kimi həyata
keçirilmişdir. Belə ki, 1920-ci il iyunun 4-də Xocalıda nümunəvi
təsərrüfatlarda sovxoz təşkil etmək üçün tədbirlər görüldü. İyul-avqust
aylarında Xocalıda sovet təsərrüfatı yaradıldı [5].
Yeni İqtisadi Siyasətə keçidlə
əlaqədar yaranmış kolxoz və sovxozların ömrü çox çəkmədi. 1922-ci il martın 1-də
müvəqqəti olaraq bölüşdürülməmiş və ehtiyat fondunda qalmış torpaq sahələrinin
müddəti 3 ildən yuxarı olmaq şərti ilə müqavilə əsasında, xüsusi şərtlərlə
icarəyə verildi. 1922-ci il iyunun 3-də Xocalıda olan bağların bir hissəsi
keçmiş sahiblərinə qaytarıldı [6, i. 3786, v.10].
Xocalıda sovet təsərrüfatları
ilə yanaşı artellər, kommunaların yaradılmasına da cəhdlər olundu. 1920-ci il
avqustun 22-də kənd təsərrüfatı artelinin, avqustun 24-də isə kommunaların
yaradılması barədə nizamnamə qəbul edildi [7]. Burada artelə və ya kommunaya
daxil olanların hüquq və vəzifələri müəyyən olundu. Kollektiv təsərrüfat
yaratmaq məqsədi ilə Bakıdan respublikanın ayrı-ayrı qəzalarına xüsusi
təlimatçı qruplar göndərildi. Təlimatçılar artel və kommunaların yaradılması,
onların kənd təsərrüfatı avadanlıqları ilə təchiz olunmasında bilavasitə
iştirak etməli, eyni zamanda torpaq sahələri ayrılarkən ortaya çıxa biləcək
hər hansı münaqişəli məsələləri yerindəcə həll etməli idilər. 1921-ci ilin
aprel ayında Azərbaycan SSR XTK-nın bilavasitə göstərişi ilə Qarabağa 52 nəfər
nümayəndə göndərilmişdir. Həmin nümayəndələrin cəmisi 10 nəfəri kənd
təsərrüfatı mütəxəssisləri idi. Qeyd edək ki, həmin 52 nəfərdən 8 - nəfəri
Xocalıda fəaliyyət göstərmişdi [7].
1921-ci il mayın 28-də
Azərbaycan SSR XTK-nın kollegiyasında komissarlığın kolxozlar şöbəsi və
onun yerli orqanları haqqında “əsasnamə” qəbul olundu. Əsasnaməyə əsasən
respublikanın bütün qəzalarında torpaq şöbələri öz işlərini – yaradılacaq
artellər üçün yararlı torpaq sahələri ayırmaq, suvarma işlərinə nəzarət etmək,
kənd təsərrüfatı alətləri və qoşqu qüvvələri ilə təchiz etmək, artelə daxil
olmaq istəyən təsərrüfatların maddi-texniki köməyini təşkil etmək və s.
vəzifələri həyata keçirməli idilər. Bütün bu vəzifələri həyata keçirmək üçün
xüsusi fond yaradıldı. Bu fonda ilk növbədə 100 milyon manat məbləğində pul
ayrıldı [9, f.89, s.1, i.3787, m.10].
Azərbaycan İnqilab Komitəsinin
15 dekabr 1920-ci il tarixli dekretinə əsasən Xocalıda 21.874 desyatin otlaq,
42 desyatin meşə milliləşdirilərək yerli əhalinin ixtiyarına verildi. 1921-ci
il 17 mart tarixli “bütün növ məhsul inhisarının ləğv edilməsi haqqında” verilmiş
dekretə əsasən Xocalı ərazisində ərzaq sapalağı ləğv olundu [9, i. 3787, v.10].
Azərbaycanın hər yerində olduğu kimi, Xocalıda da “Çanaq” tətbiq edildi. Kənddə
artel, kommuna quruculuğu işləri genişləndirildi. Xocalıda hər biri 30
təsərrüfatdan ibarət artel təşkil edilmişdir. 1921-ci ilin yaz əkin kompaniyası
zamanı aparılan hesablamalara görə Xocalıda olan 5400 fərdi kəndli
təsərrüfatının 2,8 faizi artellərdə birləşdirilmişdi. Bəhs olunan dövrdə
Xocalıda 157 artel fəaliyyət göstərirdi ki, bu artellərdə 20 xış, 9 kotan, 50
qoşqu qüvvəsi qeydə alınmışdı. Qeyri-azərbaycanlılardan ibarət yaradılmış
təsərrüfatların təşkili prosesində Azərbaycan kəndlərini bu təsərrüfata cəlb
etmək məqsədilə beynəlmiləlçilik təbliğatına diqqət artırılırdı. Bölgədə
artel təsərrüfatlar yaradılarkən təmtəraqlı adlar seçilirdi. Məsələn,
Xocalıda təşkil olunan artellərə “Bolşevik”, “Şəfəq”, “Zəhmət”, “Paris kommunası”, “Litvinov” və s. adları
verilmişdir. Xocalıda ilk kollektiv təsərrüfatlarının yaradılmasında rus,
erməni əsgərlərindən istifadə olunmuşdur.
Respublikanın bir çox
bölgələrində olduğu kimi Xocalıda da, artellərə, kommunalara, kolxoz və
sovxozlara daxil olmaqla öz mülklərini qoruyub saxlamağa cəhd edən, iri torpaq
sahibləri, varlı kəndlilər də az olmamışdır. 1921-1926-cı illərdə Xocalının
kəndlərdə 104 nəfər iri təsərrüfat sahibləri bu cür üsullardan istifadə etməyə
cəhd göstərmişlər. 1923-cü ilin yazında respublika Xalq Torpaq Komissarlığının,
Qarabağ partiya və təsərrüfat orqanları ilə apardıqları yoxlama zamanı məlum
olmuşdur ki, 60 nəfərdən çox iri torpaq sahibləri artel, kommuna, kolxoz
yaratmışdır. Xocalıda təşkil olunan artel yalnız qolçomaq və onların
qohumlarından ibarət idi. Kənddə yaradılmış artellərə ancaq iri torpaq
sahibləri cəlb olunmuşlar [10].
1920-1921-ci illərdə Xocalıda
artel, kommuna və sovxozların yaradılması işi qismən sürətlə getmişdir.
1922-ci ilin sonu və 1923-cü ilin payızında bu təsərrüfatların çoxu dağıdıldı.
1925-1926-cı təsərrüfat ilindən başlayaraq artel və sovxozların yaradılması
işində yenidən canlanma yarandı [12].
Xocalıda kollektiv təsərrüfat
formalarının yaradılmasını şərti olaraq bir neçə mərhələyə bölmək mümkündür.
Onun ilk mərhələsi 1921-26-cı illər kimi qiymətləndirmək olar. Bu vaxt
yaradılmış kollektiv təsərrüfatlar içərisində kommunalar, artellər və ilk sovet
təsərrüfatları daha çox yer tuturdu. Bu illərdə respublikada 132 kommuna, 46
kənd təsərrüfatı arteli, 40-a yaxın sovet təsərrüfatları yaradılmışdır [13,
s.37, i.64, v.49]. 1921-1926-cı illərdə Xocalıda 3 sovet təsərrüfatı, 5 artel,
3 kommuna var idi. Bunların 70 təsərrüfatı, 240 desyatin yararlı torpaq
sahələrini, 689 baş mal-qarası var idi [13]. Bu təsərrüfatlar xırda
təsərrüfatlar olduğundan uzun müddət fəaliyyət göstərə bilmədi. 1925-1926-cı
illərdə Xocalıda cəmisi bir neçə sovxoz və kolxoz fəaliyyət göstərirdi. Bəhs
etdiyimiz dövrdə Xocalıda kommunalar, xırda artellər ləğv olunmağa başlandı.
1926-cı ildən kolxozların və
sovxozların fəaliyyətində qismən canlanma yarandı. Bu illərdə Xocalıda daha
çox yoldaşlıq cəmiyyətləri inkişaf edirdi ki, bunların sayı 4-ə çatmışdı.
1926-cı ildə Xocalı ərazisində 3 təsərrüfat arteli, 2 bağçılıq fəaliyyət
göstərirdi. Ümumi kollektiv təsərrüfatın sayı isə 6 idi [14, s.37, i. 571,
v.49]. 1926-cı ildə sənaye sahəsində olduğu kimi kənd təsərrüfatı sahəsində də
xüsusi canlanma yarandı. 1924-1926-cı illərdə taxıl əkini sahəsi 60 faiz,
mal-qaranın ümumi sayı 45 faiz, texniki bitkilərin səpini isə 35 faiz
artmışdır. Bu artım Azərbaycanın hər yerində olduğu kimi Xocalıda da
təbəqələşməni gücləndirirdi. Xocalının təsərrüfat həyatında və əhalinin
sosial vəziyyətində yaranan nisbi canlanma, siyasi gərginliyin güclənməsinə
səbəb oldu.
1924-cü ildən başlayaraq istər
mərkəzi və istərsə də yerli mətbuat səhifələrində “kimi qolçomaq, kimi
zəhmətkeş hesab etməli?” ifadələri ortaya atıldı. “Bakinskiy raboçi” qəzetinin
1924-cü il martın 3-də “Sovet hökuməti yoxsulların hökumətidir”, “Kommunist”
qəzetinin 23 fevral 1925-ci il tarixli sayında “Yad ünsürlərə münasibət necə
olmalıdır?”, “Bazarda alver edənləri qolçomaq adlandırmaq olarmı?”
çağırışları Xocalıda sinfi mübarizəni genişləndirmək şüarı kimi səslənir. Bu
şüar Xocalıda milli münasibətlərin də yenidən alovlanması kimi də əks səda
doğururdu.
Sovet dövlətinin Xocalıdakı
yerli orqanları mərkəzin verdikləri göstərişlərə, mətbuatın çağırışlarına cavab
olaraq sosial-siyasi proseslərin səmtini, imperiya siyasətinə uyğunlaşdırmağa
çalışdı. Bu məqsədlə əhalinin ilk növbədə yoxsul təbəqəsini sosializm quruculuğuna
cəlb etmək üçün kooperativləşdirmə, kredit verilməsi, vahid kənd təsərrüfatı
vergisi, yer quruluşunda güzəştlər, yoxsul fondunun yaradılması və s.
tədbirlərindən istifadə etməyə başladılar.
1927-ci ildə Respublikada kənd
təsərrüfatının bankının nəzdində xüsusi yoxsullar fondu təşkil olundu. Həmin
fond yoxsullara kömək üçün ildə 160 min manat, 1927-ci ildə isə 350 min manat
pul buraxmışdır. Bu vəsaitin bir hissəsi Xocalıya ayrılmışdır. Bununla yanaşı
Xocalıda kolxoz quruculuğunun genişləndirilməsinə diqqət artırıldı. Kollektiv
təsərrüfatlar üçün bəzi güzəştlər edildi [16].
Azərbaycan K(b)P-nin VIII
qurultayının (noyabr 1927-ci il) “Kənddə iş haqqında” qəbul etdiyi qətnamədə
deyilirdi: “Kəndin kollektivləşdirilməsi bizim əməli şüarımız olmalıdır” [22,
s.1, iş 147, v.13].
ÜİK(b)P-nın XV qurultayının
(dekabr 1927-ci il) “kənd təsərrüfatının kollektivləşdirilməsi haqqında”
qərarı kolxoz quruculuğunu genişləndirilməsinə yeni bir mərhələ oldu. Bu
mərhələdə başlıca diqqət kənddə kapitalist ünsürləri adlandırılan təbəqə
üzərinə hücumu genişləndirmək və onları ləğv etmək xəttinin həyata keçirilməsinə
yönəldildi. Qurultaydan bir qədər sonra Bakıda kollektiv təsərrüfat
nümayəndələrinin ümumrespublika qurultayı (fevral-mart 1928-ci il) çağırıldı
[16]. Qurultayda kollektiv təsərrüfatların təsərrüfat sahələrini genişləndirmək,
yer quruluşu işlərini nizama salmaq, bu məqsədlə kredit ayırmaq haqqında
qərar qəbul olundu. Qurultay, eyni zamanda kolxoz quruculuğu işinə bilavasitə
rəhbərlik etmək üçün mərkəzi idarə – “kolxoz sentr”in yaradılması barədə də göstəriş
verdi [17, s.24].
XV qurultaydan sonra kollektiv
təsərrüfatların genişləndirilməsinə, onların texniki bazalarının
gücləndirilməsinə diqqət artırıldı. Kənddə varlı təbəqələrin üzərinə hücum
genişləndirildi. Bu məqsədlə qəza partiya komitəsinin işinin yoxlanılmasına
da diqqət artırıldı. 1928-ci ildə Xocalı partiya komitəsinin işi Azərbaycan KP
(b) MK tərəfindən yoxlanıldı. Yoxlama zamanı yerlərdə gedən sosial-siyasi
proseslərə ciddi diqqət verildi [19].
1927-1928-ci ildə keçirilən
ərzaq kompaniyasında yaranmış böhranlı vəziyyət respublikanı çıxılmaz bir hala
saldı. Qolçomaq adı altında varlılara qarşı necə mübarizə aparmaq ciddi bir
məsələ kimi ortaya çıxdı. Bu dövrdə Buxarin-Rıkov və onların tərəfdarları qolçomaqlara
qarşı tətbiq edilən tədbirlərə, kolxoz və sovxozların genişləndirilməsinə qarşı
çıxdılar. Onlar təsərrüfat sahəsində özünü doğrultmayan kolxoz və sovxozların
çıxış yolunun olmadığını bildirdilər. Buxarin-Rıkov qrupu eyni zamanda keçid
dövründə sinfi mübarizənin labüd bir hal olduğunu inkar edir, qolçomaqlara dinc
yanaşmanı vacib hesab edirdilər. Buxarin-Rıkov qrupunun bu ideyaları ölkənin
əksər yerlərində, o cümlədən Azərbaycanda, onun ziddiyyətlərlə dolu bir
bölgəsi olan Xocalıda də tərəfdarları meydana çıxdı. Xocalının təşkilatlarında
Buxarin-Rıkov qrupunun ideyasını dəstəkləyənlər tapıldı. Bu təşkilatlar kənddə
partiya siyasəti əleyhinə çıxdılar. Onlar kolxoz və sovxozların təsərrüfat
fəaliyyətini kəskin şəkildə tənqid edirdilər. Xocalı dairə fəallarının
yığıncağında qolçomaqlara göstərilən müqavimətin düzgün olmadığını qeyd
etmişlər: “Qolçomaq bir o qədər qorxulu deyil və onu sıxışdırmaq yersizdi.
“Sahibkarlara qarşı mübarizə, təsərrüfatı dağıtmaq, əhalini bir-birinə qarşı
qoymaq deməkdir”. Səhləbad kəndinin ilk partiya özəyinin Xocalı partiya
təşkilatına 1928-ci il 3 oktyabr tarixli məktubunda yazılırdı: Kəndinizdə
qolçomaq yoxdur, ortabab hesab olunan bir neçə ailə 35 təsərrüfatdan ibarət
olan artelin təsərrüfat işində fəal iştirak edir… Onlar öz təsərrüfat alətləri
qoşqu qüvvələri ilə xırda təsərrüfatlara da kömək edirlər” [14, s.37, iş 382,
v.49].
Kənd təsərrüfatını fəal
surətdə inkişaf etdirməyə çalışan sahibkarlara qarşı müqavimətin
dayandırılmasının tərəfdarı gənclər təşkilatının içərisində də ortaya çıxdı.
Həmkarlar, gənclər təşkilatlarının yığıncaqlarında sənayenin kəndlərin hesabına
inkişaf etdirməklə onların dilənçi vəziyyətinə salınması barədə partiya
siyasətinə yenidən baxılması tələb olunurdu.
1928-ci ildə kənddə aparılan
vergi siyasəti Xocalı əhalisini dilənçi kökünə gətirib çıxarmışdı. 1929-cu ilin
əvvəllərində Xocalı ərazisi üzrə fərdi kəndli təsərrüfatlarının vahid kənd
təsərrüfat vergisinə cəlb olunması məsələsinə baxılan zaman məlum olmuşdur ki,
yoxlanılan təsərrüfatlarının hər birinin üzərinə qoyulacaq vergi nəzərdə
tutulduğundan iki dəfə və bəzən hətta üç dəfə artıq alınmışdır [19, s.37, i.
27, v.24]. 1928-ci ilin payızında Xocalıda 54 nəfər varlı kəndli siyahıya
götürülmüş, onların əmlakları əllərindən alınmışdır. Araşdırmalardan məlum
olur ki, həmin əmlakı müsadirə olunanların hamısı azərbaycanlılar idi.
Beləliklə, qolçomaqlara qarşı aparılan “sinfi mübarizə” Xocalıdakı
sosial-siyasi vəziyyətə ağır təsir göstərdi.
1928-ci ilin yanvarında
İ.Stalinin Sibirə olan səfəri zamanı göndərilən direktivlərdə yerlərdə yaranmış
böhran, ərzağın bahalaşması qolçomaqların bazar cəbhəsini yarması kimi
qiymətləndirildi. Buna görə bütün alverçiləri, qolçomaqları həbs etmək
vəzifəsi irəli sürüldü. Eyni zamanda, varlılara, xüsusilə iri təsərrüfatçı
hesab olunan qolçomaqlara, ticarətlə məşğul olan adamlara qarşı “yumşaqlıq
göstərən” partiya, sovet işçiləri cəzalandırıldı, onların böyük əksəriyyəti
vəzifələrindən kənar edildi [27, s. 59].
1929-cu ilin yaz taxıl
kompaniyası zamanı ölkədə fövqəladə tədbirlər görüldü. Həmin dövrdə “Pravda”,
“Kommunist”, “Bakinskiy raboçi” və s. qəzetlər kənddə sinfi mübarizənin
genişlənməsini böyük “ilhamla” işıqlandırdılar. “Kommunist” və “Bakinski
raboçi” qəzetləri 1929-cu ilin təkcə aprel-may aylarında öz səhifələrində bu
məsələyə aid 200-dən çox məlumat dərc etmişdir. Mətbuatda “Sinfi düşmənə
qarşı hücum”, “Aramızda qolçomağa yer olmamalıdır”, “Kulaqlar”, “Qolçomaqları
hər vasitə ilə susdurmalı”, “Yad ünsürlər” və s. başlıqları altında yazılar
dərc olunmuşdur. Ölkədə yaranan belə bir vəziyyət kəndlərin kütləvi
çıxışlarına səbəb oldu. 1929-cu ildə təkcə Xocalıda 11-dən çox kəndli çıxışı, 5
silahlı toqquşma qeydə alınmışdır [20].
1930-cu il yanvarın 11-də
“Pravda” qəzetinin “Qolçomaqları bir sinif kimi ləğv etmək günün vacib
məsələsidir” adlı baş məqaləsi Azərbaycanın hər yerində olduğu kimi Xocalıda da
qolçomaqlara qarşı mübarizə təbliğatı geniş vüsət aldı. “Pravda” qəzetinin
irəli sürdüyü bu tezis İ.Stalinin hələ 1929-cu il dekabrın 28-də
marksist-aqrarların konfransında hərtərəfli “əsaslandırılmışdır”. İmperiyanın
başçısı İ.Stalin qeyd edirdi ki: “Biz qolçomaqları istismarçılıq meyillərinin
məhdudlaşdırılmamaq siyasətindən qolçomaqların bir sinfi kimi ləğv olunması
siyasətinə keçmişik” [24].
Bütün ölkədə olduğu kimi,
Xocalıda da qolçomaqlara qarşı mübarizə əsasən üç istiqamətdə, antisovet,
antibolşevik, əksinqilabçı bayrağı altında aparılırdı. Bu qəbildən olan
adamlar ailə başçısı olarsa güllələnir, ailə üzvləri Sibirə, Orta Asiyaya
sürgün edilirdi. Kəndlərin digər şübhəli adamları respublikanın daxilində
ayrı-ayrı regionlara köçürülürdülər.
İqtisadi cəhətdən geridə
qalmış rayonlarda ən çox əyintilərə yol verildiyinə görə ÜİK(b)P MK-si 1930-cu
il fevralın 20-də “İqtisadi cəhətdən geridə qalmış milli rayonlarda
kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında” xüsusi qərar qəbul
etdi [21, s.90]. MK xəbərdarlıq etdi ki, bu rayonlarda əsas diqqət kollektivləşmənin
yüksək faizi dalısınca qaçmaq deyil, kütləvi kollektivləşdirmə üçün
təşkilati-siyasi və iqtisadi zəmin yaratmağa yönəldilməlidir. Sosializmin
bütün cəbhə boyu hücumu ilə bərabər kənddə “sinfi düşmən” hesab olunan
bacarıqlı təsərrüfatçılara, “kulak” adlandırılan adamlara qarşı mübarizə
genişləndirildi. Bu məqsədlə 1929-cu ilin sonu, 1930-cu ilin əvvəllərində respublikanın
kəndlərinə və o cümlədən Xocalıya “Mərkəzdən” partiya, sovet işçiləri, bacarıqlı
fəhlə adı altında xüsusi “təlimat” keçmiş şəxslər göndərildi. Bəhs olunan
dövrdə Bakıdan Xocalıya 55 nəfər nümayəndə göndərildi [22, i. 74, v.131]. Bu
nümayəndələrin böyük əksəriyyəti milliyyətcə ermənilər idi. Yerli partiya,
sovet orqanlarının rəsmi nümayəndələri ilə Xocalıda “yad ünsürlər” adı
altında azərbaycanlılara qarşı mübarizə aparıldı.
Sosializmin bütün cəbhə boyu
hücumu “düşmən” adlanan sinfi qüvvələr tərəfindən kəskin müqavimətlərlə qarşılandı.
Xocalı ərazisinə qarşı kütləvi repressiyalar baş verdi. Xocalının bütün
partiya, dövlət orqanları bir növ erməniləşdirildi. 1930-cu ilin sonu 1931-ci
ilin əvvəllərində olan məlumatlara görə Xocalıda fəaliyyət göstərən partiya və
sovet orqanlarında çalışan adamlar əsasən qeyri-azərbaycanlılardan ibarət idi
[23, i.76, v.19]. Yerli partiya orqanları Xocalının bütün əhalisini siyasi sayıqlığa,
dövlət idarə orqanlarını bürokratik ünsürlərdən qorumağa qarşı mübarizəyə çağırırdı.
Bu çağırış azərbaycanlıların kütləvi şəkildə dövlət və partiya orqanlarından
qovulması ilə nəticələndi. Beynəlmiləlçilik bayrağı altında həyata keçirilən
bu tədbirlər Xocalıda qorxulu bir vəziyyətin yaranmasına səbəb oldu.
Belə bir şəraitdə Azərbaycan K
(b) P-nin XIII qurultayı çağırıldı. Qurultayın “məramı” belə idi: “daha çox
xalq düşməni” “aşkara çıxarmaq” hesabat məruzəsi ilə çıxış edən Azərbaycan
K(b)P MK-nın birinci katibi M.C.Bağırov son sözündə demişdir: “Belə bir
şəraitdə kimisə əfv etmək partiyamızın mərkəzi komitəsini, Stalin yoldaşı
aldatmaq deməkdir. Heç kimi əfv etmək olmaz. Son günlərin faktları bir daha
göstərir ki, biz hələ düşmənlərin hamısını aşkara çıxarıb ifşa etməmişik. Mən
bir daha təkrar edirəm ki, buna görə də bizi döyürlər, həm də haqlı olaraq
döyürlər” [23].
Azərbaycan K(b)P MK-nın təkcə
5 noyabr 1937-ci il tarixli büro iclasında 279 nəfərin partiyadan çıxarılması
təsdiq olundu ki, bunlardan 7 nəfəri Xocalının mərkəzi orqanlarında işləyən
partiya işçisi idi.
1930-cu il aprelin 3-də Stalin
“Pravda” qəzetində “Kolxozçu yoldaşlara cavab” adlı məqaləsində yazırdı:
“Qolçomaq Sovet hakimiyyətinin düşmənidir. Onunla bizim aramızda sülh
yoxdur və ola bilməz. Qolçomaqlar barəsində bizim siyasətimiz onları bir sinif
kimi ləğv etmək siyasətidir”. O, qolçomaqları kənddən qovmağa, cismani məhv
etməyə çağırırdı. Belə bir göstəriş nəticəsində də Azərbaycanda və o cümlədən
Xocalı rayonunda 1930-cu illərin əvvəllərində varlı kəndli təsərrüfatlarının
2,4 min hektar torpaq sahəsi və 540 min baş mal-qarası müsadirə olundu. Buna
görə də orta və ya varlı təsərrüfat sahibləri mal-qaralarının müsadirə olunmaması
üçün ya kəsir, ya da dəyər-dəyməzinə satırdılar. 1930-cu ilin yanvarında SSRİ
MİK və XKS “mal-qaraların kəsilməsinə qarşı mübarizə aparmaq haqqında” qərar
qəbul etdi [24, s.271].
1930-cu ilin fevralında
“Qolçomaq təsərrüfatlarının özbaşına köçməsinin və onlar tərəfindən əmlakın
satılmasının qadağan edilməsi haqqında” qərar qəbul edildi. Respublikanın
yerli idarə orqanlarına tapşırıldı ki, özbaşına köçən və əmlakını satan qolçomaqların
əmlakı dərhal müsadirə edilsin. Beləliklə, hər bir təqiblərə və təzyiqlərə
məruz qalan kəndlilərin özbaşına yerdəyişməsi qadağan olundu. Bu, əslində
təhkimçilik hüququnun tətbiq olunması və onun yeni forması demək idi. Digər
tərəfdən kənd “fəalları” tərəfindən məcbur edilən kəndlilər onların kəndlərdən
qovulmasını və məhkəmə məsuliyyətinə cəlb olunmasını tələb edirdilər.
Beləliklə, qolçomaq adı altında kənd varlılarına və hətta ortabablara qarşı
mübarizə başlandı. Belə bir mübarizənin gedişində öz fərdi təsərrüfatlarından
asanlıqla ayrılmaq istəməyən ortabab qolçomaq adı altında məhv edilməyə
başladı. Kəndli təsərrüfatının kollektivləşdirilməsi ərəfəsində “kulak”
təsərrüfatının sayı 2,7 faiz göstərilsə də, ilkin hesablamalara görə “kulak”
hesab olunan təsərrüfatların sayı bundan iki dəfə çox hesaba alınmışdır. Bu
vaxt Xocalı ərazisində qolçomaq təsərrüfatı qalmadığı bir halda, 1930-cu ilin
yazında bu bölgələrdə 84 nəfərə qədər iri təsərrüfatçının olması qeydə
alınmışdır [26, s.1, iş 1, v.6]. 1931-ci ildə Xocalıda qolçomaqların sayı süni
şəkildə bir neçə dəfə artıq şəkildə qeydə alındı [25].
Azərbaycan K(b)P MK bürosunun
1930-cu il 11 avqust tarixli qərarında varlı təsərrüfatlara qarşı mübarizənin
genişləndirilməsi mühüm bir vəzifə kimi qoyulmuşdur [26]. Xocalı partiya
komitələrindən tələb olunurdu ki, avqustun 18-dən gec olmayaraq qolçomaq
həyətləri üzərində nəzarəti ciddi şəkildə gücləndirib, onların artıq əmlakları
müsadirə olunsun [27]. Dövlət taxıl tədarük planını ödəməyən, bu işdən boyun
qaçıran, sabotajlıq edən varlı kəndlilərə qarşı bir həftə müddətinə inzibati
aktların tətbiq olunmasını, qolçomaq təsərrüfatlarını yenidən qeydə almağı
Dövlət Siyasi Orqanlarına tapşırdı. Eyni zamanda, avqust ayının sonunadək
qolçomaq təsərrüfatının yenidən hesaba alınması təxirə salınmadan icra
edilsin. 1930-cu ilin payızında varlı təsərrüfatların hesaba alınması işi
başa çatdırıldı [28].
Beləliklə, apardığımız
araşdırmalardan məlum olur ki, 1931-ci ilin altı ayı ərzində Xocalıda 54 varlı
təsərrüfatı dağıdılmışdır [29, s.79]. Avqust ayının 1-də olan məlumata görə
respublikada 3483, sentyabrın 20-də isə 3802 varlı təsərrüfat qeydə alınmışdır.
1931-ci ilin fevralında aparılan hesablamalara görə varlı kəndli təsərrüfatlarının
sayı birdən-birə 5309-a qaldırıldı. Xocalıdan olan 2764 kəndli təsərrüfatının
təxminən 308-i varlı kəndlilər kimi qeyd edilmişdir. Bu kəndlərin böyük
əksəriyyəti öz yerlərindən Sibirə, Qazaxıstana “kulak” arxipelaqlarına sürgün
edilmişdir [30]. Siyahıya alınan varlıların bir hissəsi məhkəmə məsuliyyətinə
cəlb olunmuş, qalanları isə əmlakdan məhrum edilmişdir.
Azərbaycanın bütün
bölgələrində olduğu kimi, Xocalı ərazisində ət, yun tədarükü də inzibati
yollarla aparılmışdı. Ət, yun tədarükü aparılarkən çox hallarda onun varlı və
yaxud yoxsul olmaları belə nəzərə alınmırdı. Araşdırmalardan məlum olur ki,
Xocalıda ət tədarükü zamanı kəndlilər bir növ qarət olunmuş, onların
mal-qaraları, hətta toyuq-cücələri belə əllərindən alınmışdır. Xocalının kənd
təsərrüfatı şöbəsinin Azərbaycan K(b)P MK-nə 1930-cu il 28 noyabr məktubunda
verilmiş tapşırığı 150 faiz yerinə yetirdikləri bildirilirdi [30]. Bir çox
hallarda “xalq düşməni” adı altında kəndlilərin əmlakı hərraca qoyulurdu. Bu
cür repressiyaya məruz qalmamaq üçün az-çox imkanlı kəndlilər mal-qaralarını
tələf edir, öz əmlaklarını bir növ dağıdırdılar. İmkanlı kəndlilərin böyük bir
hissəsi özlərini qolçomaq damğasından xilas etmək üçün kolxozlara girir,
təsərrüfat işində fəallıq göstərməyə çalışırdılar. ÜİK(b)P MK 14 mart tarixli
qərarından sonra 1930-cu il aprelin 14-də “Azərbaycanda kolxoz hərəkatındakı
səhvlər və əyintilər haqqında” [31, s.2, iş 525, v.30] qəbul olunmuş qərarda
Respublikanın bir çox rayonlarında, o cümlədən Xocalı rayonunda
kollektivləşmənin gedişində yol verilmiş səhvlər, nöqsanlar qeyd olundu. Həmin
ilin yayında kütləvi şəkildə kolxozlara girən kəndlilərin çoxu 1930-cu ilin
sonunda kolxozlardan çıxdılar. AK(b)P MK-nın məlum qərarında göstərilirdi ki,
“rəqəmlər arxasınca qaçan bir sıra yerli təşkilatlar qolçomaqlıqdan salmaq
işində çox ağır səhvlərə yol vermişlər”. AK(b)P MK-nın X qurultayında MK-nın
birinci katibi N.F.Qikalo hesabat məruzəsində etiraf edərək bildirmişdi ki,
kollektivləşdirmədə yol verilən səhvlərin ən başlıcası inzibatçılığa görə
Azərbaycan birinci yeri tutur. 1930-cu ilin yaz əkin kompaniyası zamanı
Xocalı ərazisində 30 qolçomaq təsərrüfatının müsadirə edilməsində kobud
səhvlərə yol verilməsi rəsmi orqanlar tərəfindən təsdiq edilmişdir [33, s.1, iş
3, v. 15]. Aparılan elmi araşdırmalara görə 1930-cu ildə Xocalının kəndli
təsərrüfatının təxminən 12 faizi qolçomaq təsərrüfatı hesab olunmuş, onların
çoxu seçki hüquqlarından məhrum edilmişdir [34].
1930-cu ilin sonundan
başlayaraq Xocalıda kolxoz hərəkatı yenidən canlandı. 1931-ci ilin yaz əkin
kompaniyası zaman kollektivləşdirmənin faizi 11-dən 16-ya çatmışdır. 1932-ci
ilin sonunda Xocalıda kəndli təsərrüfatlarının yarıdan çoxu kolxozlara daxil olmuşdur
[33, i.96, v.11]. Kollektivləşmənin faizi artdıqca kəndli əməyinin istismarı
da güclənirdi.
1933-1937-ci illərdə
qolçomaqlara qarşı mübarizə “kənddə qolçomaqlara qarşı kolxozlar uğrunda”
şüarı altında həyata keçirilməyə başladı. Bu dövrdə partiya, sovet və hüquq
mühafizə orqanlarının başlıca hədəfi varlı kəndlilər idi. Xocalıda
kollektivləşmənin faizi artdıqca qolçomaq damğasına məruz qalan kəndlilərin də
sayı artırdı. Kənddə partiya və sovet orqanlarından tələb edilirdi ki, “bütün
cəbhə boyu qolçomaqların üzərinə hücumu gücləndirməli, bütün sahələrdə
onların müqavimətini qırmalı”. Dağınıq fərdi kəndli təsərrüfatçılarına qarşı
aparılan mübarizə 1933-cü ildə ölkədə kütləvi aclığın baş verməsinə səbəb
oldu, bu isə Xocalıda əhalinin kütləvi yerdəyişməsinə səbəb oldu [35].
1933-1934-cü ildə sovxozlarda,
MTS-da yaradılan siyasi şöbələr bu cür əhali axınının qarşısını inzibati
yolla ala bildilər. İş yerlərindən qaçan işçilərin bir çoxları məhkəmə
məsuliyyətinə alındı. 1935-1937-ci illərdə kolxozların möhkəmləndirilməsi
üçün görülən tədbirlərin sayı genişləndirildi. Beləliklə, 1937-ci ildə Xocalı
ərazisində sosialist istehsal münasibətləri zor gücünə olsa da qalib gəldi.
1937-ci ilin oktyabrın 1-nə olan məlumata görə Xocalının kəndli təsərrüfatının
80 faizini, əkin sahələrinin 91 faizini kollektiv təsərrüfatı əhatə edirdi
[37, s.1, iş 118, v.22]. Bu dövrdə Xocalıda nisbi sinfi “sabitlik” yaradılmışdır.
Birinci beşillikdə kənd
təsərrüfatının 60 faizdən çoxunun kollektivləşdirilməsi, kolxozlar üçün
maşın-traktor stansiyalarından ibarət maddi-texniki baza yaradılması, sovxoz
şəbəkəsinin genişləndirilməsi – bütün bunlar kənd təsərrüfatının yenidən
qurulmasının əsasən başa çatması, kənddə yeni rejimin yaradılması demək idi.
Lakin, yaradılan kolxoz, sovxoz və MTS-lar Xocalıda iqtisadi tələblərə cavab
vermirdi. Bunun nəticəsi olaraq 1933-1934-cü illərdə ölkədə və o cümlədən
Xocalı ərazisində güclü aclıq baş verdi. Ölkədə baş verən belə bir böhranlı
vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər görüldü. Xocalıda kolxozlara zor ilə
cəlb olunan və bu təsərrüfatda ürəklə çalışmayanlara qarşı kəskin mübarizə
aparıldı. Sovxozların və MTS-lərin yanında siyasi şöbələr yaradıldı. Siyasi
şöbələrdə işləmək üçün kəndə çoxlu yeni qüvvələr göndərildi. Siyasi şöbələr
kolxoz, sovxoz və MTS-nı möhkəmləndirmək üçün tədbirlər gördü. Elliklə kollektivləşmə
yarışı nəyin bahasına olursa-olsun davam etdirildi. Xocalı ərazisində
kollektivləşmə 45 faizdən 65 faizə çatdırıldı [39]. Təkcə 1934-1935-ci təsərrüfat
ilində kollektivləşdirmənin faizi 80-ni keçmişdi. Xocalıda həbslər, sürgünlər
adi hala çevrildi. Sosializm yarışı bayrağı altında kütlələr təsərrüfat quruculuğuna
cəlb olundu. MTS-lərdə iki il yarım fəaliyyət göstərən siyasi şöbələr 1934-cü
il noyabr ayından ləğv edildi.
1934-1935-ci illərdə Bakıdan
respublikanın ayrı-ayrı rayonlarına və o cümlədən Xocalıya göndərilən nümayəndələr
kolxozların möhkəmləndirilməsi üçün kütləvi təbliğat iş aparır, “yad ünsürlər”
adlanan bəzi kolxozçular kolxozlardan qovularaq məsuliyyətə alınmışlar. Bəhs
olunan dövrdə Xocalıda 74 nəfər kolxozçu məhkəmə məsuliyyətinə cəlb olunmuşdur.
Xocalı rayonunun kəndlərindən 65 nəfərdən çox kolxozçu kolxozdan xaric edilmişdir.
Bu cür tədbirlər fərdi təsərrüfatçıların kollektiv təsərrüfata daxil olması
işinin daha da sürətlənməsinə səbəb oldu. 1936-cı ildə Xocalıda 645 nəfər fərdi
təsərrüfatçı zor ilə kolxozlara daxil olmuşlar. 1934-cü ildə Xocalıda
kollektivləşmənin faizi 81-i idisə, 1937-ci ildə 94-ə çatmışdır. Bəhs olunan dövrdə
Xocalıda kollektivləşmə 25 faiz artmışdır.
Kənddə Sovet imperiyasının
mövqelərinin möhkəmləndirilməsində kollektivləşdirmə xətti mühüm rol
oynadı. Kəndli kütlələrinin sosial-iqtisadi həyatında baş vermiş hadisələr
Xocalı ərazisində kapitalist münasibətlərinin yox edilməsi ilə nəticələndi.
Kollektivləşmə ölkənin hər yerində olduğu kimi, Xocalıda da əhalinin əsas
kütləsinin həyat tərzini imperiyanın prinsipləri əsasında dəyişdirdi. Xocalıda
milli, etnik tərkibində xeyli dəyişikliklərə səbəb oldu. Bu sahədə daha güclü
sosial baza yaradılması üçün zəmin hazırladı.
Beləliklə, 1920-1930-cu illər
ərzində Xocalıda mərkəzin planına uyğun inzibati amirlik və zorakılıq yolu ilə
kənd təsərrüfatının kollektivləşməsi başa çatdı. Kolxozlar kənd təsərrüfatı mallarının
istehsalçısına çevrildi. 20-30-cu illərdə Mərkəzin maraqları əsasında Xocalıda
həyata keçirilən tədbirlər, kənddə köklü dəyişikliyə səbəb oldu. Belə ki,
kapitalist təsərrüfatları tamamilə ləğv edildi. Mərkəzin “xüsusi” nəzarəti ilə
xüsusi mülkiyyət aradan qaldırıldı və bununla da ticarət zəiflədi. Vəziyyətdən
istifadə edərək Xocalıda hakimiyyəti ələ keçirən qeyri-azərbaycanlıların
təsərrüfatsızlığı, məsuliyyətsizliyi və “əliaçıqlığı” nəticəsində xalq əmlakı
Rusiyaya və Ermənistana daşınır, talan edilirdi. Kollektiv əmək, kəndlinin
necə və nə qədər işlədiyini pərdələyir, bu isə əməyə marağı aşağı salırdı.
Kənddə bərabərlik psixologiyası formalaşdırılır, əslində kəndli asılı
olduğu erməni rəhbərliyinin bütün tələblərini yerinə yetirən “robota” çevrilirdi.
Yeni cəmiyyət möhkəmləndikcə erməni rəhbərliyinin Xocalının təsərrüfat,
partiya orqanlarına müdaxiləsi artmış və nəzarət etmək imkanı genişlənmişdir.
Xocalı ərazisində ixtisaslı mütəxəssislərin sayı artmışdır. Ümumiyyətlə
Respublikamız keçmiş SSRİ-nin “ikinci pambıq bazası”na çevrilmiş, kənd təsərrüfatının
inkişafı nəticəsində Rusiya sənayesini canlandıra bilən xammal mənbəyi
yaradılmışdır.
Kənd təsərrüfatının
sosialistcəsinə yenidən qurulması – kollektivləşdirmə Xocalının 20-30-cu illər
tarixinin ən dəhşətli səhifələrindəndir. Bu illər rayonun kəndlərinin tarixinə
ən ağır, əzablı və dəhşətli dövr kimi daxil oldu. Kollektivləşmənin ən
dəhşətli faciələrindən biri qolçomaqlara və onların tərəfdarlarına divan
tutulması idi. Bu dövrdə Xocalıda minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv
edildi və ya sürgün olundu. Azərbaycanın hər yerində olduğu kimi Xocalıda da
kollektivləşmə dinə, milli ənənələrə qarşı mübarizə ilə müşayiət olundu. Bu
proses zamanı məscidlər dağıdıldı qadınların çadraları əllərindən alındı
Kolxoz quruculuğunda yol verilən əyintilər, səhvlər, zorakılıq və
inzibatçılıq, qolçomaqlara, varlı və ortabab kəndlilərə qarşı çevrilmiş kobud,
qeyri-insani tədbirlər kəndlilərin kütləvi narazılığına səbəb oldu. Xocalı ərazisində
sovet rejiminə və kollektivləşməyə qarşı kəndli üsyanları kütləvi müqavimət
hərəkatı baş verdi. 1930-cu ildə Xocalıda qaçaq dəstələri öz fəaliyyətlərini
genişləndirdi. Lakin sovet hökuməti bu hərəkatı güclü hərbi hissələr vasitəsilə
çox amansızlıqla yatırdı Üsyançıların bir hissəsi güllələndi, bir hissəsi həbs
edildi, digər bir hissəsi isə sürgün olundu Bununla da Xocalıda çox ağrılı,
əzablı və dəhşətli yollara aparılan kollektivləşmə nəticəsində kolxoz
quruluşu yaradıldı.